Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, qaynaq işləri apararkən ehtiyatsızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
**19:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.