Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların qarpızdan zəhərləndiyi bildirilir.
**
TƏBİB-dən bildirilib ki, 05.09.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
**
Məlumata görə, zəhərlənən şəxslərin hamısı rayonun Motalyataq kənd sakinləridir.
Belə ki, Heydərov soyadlı 3 qardaşın ailə üzvləri dünən gecə birlikdə qarpız yeyiblər.
Bu gün səhər onlar zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər.
**
AQTA-dan KİV-in sorğusuna cavab olaraq bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.