Azərbaycan musiqiçisi, görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev oktyabrın 15-də vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Ramiz Quliyev 1947-ci ildə Ağdam rayonunda anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1974–1992-ci illər ərzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ramiz Quliyev “Şərəf” , “Şöhrət”, ordenləri, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.