
“Azəriqaz” İstehsalat Birliyinin (İB) smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.
Senzor.az bildirir ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.
“Azəriqaz” abonentləri qeyd edirlər ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.
Məsələ ilə bağlı "Mpay" QSC açıqlamasında bildirib ki, hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur: “Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".
"Azəriqaz" İB-dən isə KİV-ə bildirilib ki, Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00-da aradan qaldırılmışdı. Amma kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib.
Qeyd edilib ki, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur: “Müraciət sayının çox olmasından müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi iş aparırlar".