
Bu gün Azərbaycan xalqı həm də ən sevimli bayramlarından birini-Novruz bayramını qeyd edir.
Senzor.az xatırladır ki, bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.
Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, külək və torpaqdan yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayır.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları s hərfi ilə başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Novruz bayramının özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.
Digər bir ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlaməti hesab olunur.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.
Onu da xatırladaq ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi altıncı Novruz bayramıdır və artıq işğaldan azad olunan ərazilərimizdə də qeyd olunur. Ona görə də xalqımız ötən beş ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.
Senzor.az hamınızı Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bol ruzi-bərəkət, sevinc dolu günlər, əmin-amanlıq arzulayır.
BAYRAMIMIZ MÜBARƏK!