
Müdafiə Nazirliyində (MN) yeni hərbi obyektlər istifadəyə verilib.
Senzor.az bildirir ki, bununla bağlı MN məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib.
Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.
Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri quraşdırılıb.
Mərkəzin ərazisində yaradılan şəraitlə tanış olan heyət yanğınsöndürmə deposuna, qarovul otağına, avtomobil parkına, mühəndis döyüş sursatları, hərbi-texniki əmlak, raket-artilleriya silahları, sursat və əşya anbarlarına, eləcə də Mühəndis Qoşunlarının poliqonunda döyüş hazırlığı prosesində istifadə olunan təlim yerlərinə baxış keçirib.
Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə aparılan ştat-struktur islahatları çərçivəsində yeni yaradılan Psixoloji Təminat İdarəsinin və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin əsaslı təmir olunmuş inzibati binaları istifadəyə verilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Hüquq İdarəsinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub. Burada rəhbər heyətə məlumat verilib ki, Hüquq İdarəsi müxtəlif hərbi hüquqi məsələləri tənzimləyən və müdafiə sahəsindəki qanunvericiliyə uyğun fəaliyyət göstərən bir qurumdur. İdarə Azərbaycan Ordusunun şəxsi heyətinə hüquqi məsləhətlərin verilməsi, hərbi cinayətlərə qarşı mübarizə, eləcə də beynəlxalq hüquq məsələlərini tənzimləyir.





