
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanın bəzi bölgələrində, o cümlədən paytaxtda hazırda müşahidə edilən dumanlı hava ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Senzor.az-a BDYPİ-dən məlumat verilib.
Qeyd edilib ki, belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürəti mövcud görünüş şəraitinə uyğun seçmək, qəfil manevr və ötmələrdən çəkinmək tövsiyə olunub: "Ara məsafəni qoruyun. Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin".
Piyadalara müraciətdə vurğulanıb ki, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmək lazımdır.
"Yolun hərəkət hissəsinə qəfil çıxmayın. Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir. Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır", - deyə məlumatda qeyd edilib.