
Xəbər verildiyi kimi, son günlər yağan intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.
Senzor.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bildirir ki, bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.
“Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb”, - deyə FHN-in Mətbuat Xidmətinin məlumatında vurğulanıb.



