
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
Senzor.az bildirir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Kürdəmir dəmir yolu stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşıb və stansiya müasir tələblərə uyğun şəkildə sərnişinlərin istifadəsinə verilir. “Sabahdan etibarən bir sıra istiqamətlər üzrə hərəkət edən qatarların Kürdəmir stansiyasında dayanması təmin olunacaq. Artıq bu gündən həmin reyslər üzrə biletlərin satışına başlanılıb”, – deyə şöbə müdiri bildirib.
Qeyd olunub ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, Bakı–Qazax, Bakı–Balakən, Bakı–Ağdam və digər istiqamətlər üzrə qatarlar Kürdəmirdə dayanacaq. Bu isə regionlararası səfərlərin daha əlçatan olmasına və sərnişin axınının artmasına müsbət təsir göstərəcək.
“Görülən işlər sərnişinlərin rahatlığının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır. Kürdəmir stansiyasının yenidən fəaliyyətə başlaması bölgələr arasında nəqliyyat əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, – deyə ADY rəsmisi əlavə edib.


