Mayın 24-dən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayon ərazisində bir sıra fəsadlar törədib.
"Report"un xəbərinə görə, Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulub, körpü qəzalı vəziyyətə düşüb.
Yaranan vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilib, müvafiq tapşırıqlar verilib, təbii fəlakətin fəsadlarının təcili aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilib.