Daşkəsən rayonunda icra nümayəndəsinin evinə hücum olub.
Senzor.az bildirir ki, bu barədə KİV-ə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, iyun ayının 4-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova Daşkəsən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhid anası Sevda Şıxıyeva, onun həyat yoldaşı Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev və bir neçə kənd sakininin heç bir əsas olmadan, əllərindəki küt alətlərlə ona məxsus evin qarşısına gələrək evin pəncərələrini, daha sonra evə daxil olaraq məişət əşyalarını sındırdıqlarını və ona külli miqdarda maddi ziyan vurduqlarını bildirib: “Əlavə olaraq müraciət müəllifi ərizəsində şəhid qardaşı Sərxan Şıxıyevin onun həyat yoldaşı, Dəstəfur kənd bələdiyyəsinin sədri Rövşən Həsənova taxta parçası ilə xəsarət yetirdiyini də qeyd edib.
Bundan başqa, Lalə Cəfərovanın bacısı Pərvanə Cəfərova da DİN-in "102 Zəng Xidməti" Mərkəzinə müraciət edərək yuxarıda qeyd olunan şəxslərin heç bir səbəb olmadan ona məxsus fərdi yaşayış evinə gələrək, evdəki qapı-pəncərə və digər əşyaları sındıraraq külli miqdarda maddi ziyan dəydiyini bildirib.
Hadisə ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb, müvafiq ekspertiza təyin olunub. Şəhid anası Sevda Şıxıyeva Polis Şöbəsində olan zaman özünün şəhid anası olduğunu vurğulayaraq etdiyi hərəkətləri etiraf edib, lakin özünə haqq qazandıraraq izahat verməkdən imtina edib. Məsələyə məhkəmə tibbi və əmtəəşünaslıq ekspertizalarının rəyindən asılı olaraq hüquqi qiymət veriləcək”.