Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Agentlikdə yeni informasiya texnologiyalarının idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq olunması ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir.
Senzor.az AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, bu yaxınlarda agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmini məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.
Bu işlərin davamı olaraq bir müddətdir ki, agentlik tərəfindən müasir idarəetmə və nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri - servisi (MMS-S) müəssisəsi tərəfindən hazırlanan Mobil Müşahidə Sistemləri quraşdırılır.
Mobil qoşqu üzərində yığılan bu qurğuda hər şey yüksək dəqiqliklə hesablanıb. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür.
Yol layihələrinin icrasına nəzarət onlayn şəkildə monitorla və ya mobil telefonla xüsusi proqram vasitəsilə təmin olunur. Günəş panellərinin istehsal etdiyi enerji ilə 24 saat kəsintisiz, 500 metr ərazini əhatə edən video görüntünü izləmək mümkündür.
İki sabit və bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı, həmçinin istənilən hava şəraitində müşahidə aparmaq mümkündür. Mobil Müşahidə Sistemi həm də istənilən vaxt və istənilən yerdən sistemlərin quraşdırıldığı tikinti ərazilərini onlayn qaydada müşahidə etməyə imkan yaradır.
Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılaraq tikinti prosesi tam nəzarətdə saxlanılır.
Yaxın müddət ərzində bu cür sistemin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna, həmçinin digər böyük yol layihələrinin icrası həyata keçirilən ərazilərdə quraşdırılması nəzərdə tutulur.