Naxçıvanda hərbi hissədə əsgər ölümü qeydə alınıb.
Senzor.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda baş verib.
Hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.
Bu arada “Qafqazinfo” faciəvi şəkildə ölən əsgər Fazil Məmmədlinin evin tək oğlu olduğu barədə məlumat yayıb.
Saytın əldə etdiyi məlumata görə, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük 2 bacısı var və onlar ailə həyatı qurublar.
Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.