"Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb".
Senzor.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov deyib.
"Artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib", - deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Sumqayıtda azyaşlı övladları ilə küçədə qalan qadının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürüldüyü barədə məlumat yayılmışdı.
Qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkədə yazmışdı ki, hazırda xanım və uşaqları öz evlərində təhlükəsiz vəziyyətdədirlər: “Yaxın dəqiqələrdə onlar müayinə üçün Sumqayıt Uşaq Xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyətı üzrə bütün tədbirlər görüləcək.
Məsələ aidiyyətı Dövlət qrumlarının diqqətindədir”.
Onun sözlərinə görə, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə, yoldaşına zorakılıq tətbiq edib,xanım da uşaqlarını götürüb evdən çıxıb: “Elə gecə saatlarında da polis xanımın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək”.