Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.
Senzor.az bildirir ki, FHN-in yaydığı növbəti məlumatda belə deyilir.
Məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb.
Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak ediblər.
**23:42(10.07.2022)
Fövqəladə Hallar Nazirliyi Şabrandakı yanğınla bağlı daha bir məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir: “Xəbər verildiyi kimi, iyulun 10-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.
Havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.
Əlavə məlumat veriləcək.
**23:28
Şabranda havanın küləkli olması yanğının söndürülməsinə mane olur.
Senzor.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.
Hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: "Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir".
**21:22
Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
“Report” xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildiriblər.
Qısaqapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.
Alovun qarşısını almaq getdikcə çətinləşir.
Bu arada Fövqəladə Hallar Nazirliyi (FHN) Şabran rayonunun Ağalıq kəndindəki yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
**20:16
Şabran rayonunda meşə massivi yanır.
"Report" xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.
Belə ki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğının miqyası genişlənərək ətraf ərazilərə və meşə massivinə də düşüb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şabranın və ətraf rayonların Dövlət Yanğından Mühafizə hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Son məlumata görə, yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.
Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan Ağalıq kənd üçün təhlükə yaratmaqda davam edir.