İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
Senzor.az-ın məlumatına görə, dahi Azərbaycan şairinin muzey-məqbərə kompleksinin önündə keçirilən tədbirdə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Qeyd edib ki, 30 il ərzində əsarət altına qalan Şuşa artıq azaddır.
Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirib. Deyib ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi.
“44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda can qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq",- deyə Çingiz Abdullayev vurğulayıb.
Daha sonra tamaşaçılar Azərbaycan muğamlarını dinləyiblər.
“İgidlərin sözü” kompozisiyası zamanı Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamın müşayiəti ilə çıxışları olub.
Sonda görkəmli şairlərin “Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirilib.
Ardınca Cıdır düzündə konsert-tamaşa təqdim olunub. “Əsrlərin sədası” adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi Azərbaycanın görkəmli ədiblərinin obrazları canlandırılıb.
Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış ediblər.
Bununla da Vaqif Poeziya Günlərinin birinci gününə yekun vurulub.