Qafan aeroportu da Xocalı aeroportunun taleyi ilə üzləşəcək, muzey eksponatı kimi qalacaq - ZİYAFƏT ƏSGƏROV

“Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistanın hazırkı davranışları da göstərir ki, bu ölkədəki hazırkı hakimiyyət və siyasi dairələr hələ də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu qəbul etmək istəmir. Hələ də anlamaq istəmirlər ki, qonşu dövlətlə münasibətdə beynəlxalq hüquq normalarına, prinsiplərinə əsaslanan münasibətlər qurmadan, razılaşmalar əldə etmədən bir sıra transsərhəd layihələri həyata keçirmək olmaz”.


Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.


Parlamentin komitə sədri deyib ki, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Arazdəyəndə transsərhəd təsiri ola biləcək iri metallurgiya zavodunun inşasına başlanılması bunun bir nümunəsi idi: “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın (Espo Konvensiyası) 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır. Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almayıb”.


Ziyafət Əsgərov qeyd edib ki, bütün bunlar Azərbaycanda vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı etirazla qarşılanıb, aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Eyni zamanda Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edib.


Parlamentin komitə sədri Ermənistanın indi də Qafan aeroportunun açılması kimi birtərəfli təxribatçı addım atmağa hazırlaşdığına diqqət çəkib: “Dünyada, o cümlədən Avropada sərhəd və sərhədyanı hava limanları da var. Lakin bütün hallarda bu hava limanlarının inşası, fəaliyyəti beynəlxalq hüquqla tənzimlənir. Məsələn, Avropa ölkələrinin timsalında bu, ya ümumavropa, ya da ikitərəfli müqavilələrlə tənzimlənir. Ermənistanın isə Qafan hava limanı ilə bağlı Azərbaycanla heç bir razılaşması yoxdur. Bir məqamı da qeyd etmək lazımdır. Qafan hava limanı sovet dövründə də fəaliyyət göstərib. Lakin o zaman faktiki olaraq heç bir sərhəd yox idi, çünki bütün respublikalar vahid məkanın bir hissəsi idi. İndi isə Azərbaycan müstəqil, suveren dövlətdir”.


Ziyafət Əsgərov nəzərə çatdırıb ki, Azərbaycanda Zəngilan hava limanı inşa edilərkən sərhəddən uzaq məsafə seçildi, hətta, marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alındı ki, təyyarələrin Ermənistan ərazisinə keçməsi riski olmasın: “Qafan hava limanı isə Azərbaycan mövqelərinə çox yaxındır. Hətta aeroportun içində nə baş verdiyini vizual olaraq rahat izləmək olur. Belə olan halda hava limanından eniş və uçuş zamanı təyyarələrin Azərbaycanın hava məkanını pozması qaçılmazdır. Digər tərəfdən, Ermənistanın sülh müqaviləsi imzalamadığı bir dövlətlə sərhəddə hava limanı tikməsi absurddur. İndiyədək Ermənistanda "təhlükəsizliklə bağlı” bir neçə dəfə Qafan hava limanının açılışını təxirə salıb. Bundan başqa, “mülki” adı altında Ermənistanın bu hava limanından hərbi məqsədlər üçün istifadə etməyə çalışacağını düşünmək üçün hər cür əsas var”.


O, Ermənistanın Qafan aeroportunun açılması kimi birtərəfli təxribatçı addımlarının cavabsız qalmayacağını vurğulayıb: “Azərbaycan öz hava məkanının pozulmasına yol verməyəcək, buna görə də Qafan aeroportu Xocalı aeroportunun taleyi ilə üzləşəcək, Qafan hava limanı da muzey eksponatı kimi qalacaq. Bu kimi transsərhəd layihələrinin həyata keçirilməsi üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanması, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, bundan sonrakı mərhələdə isə transsərhəd layihələri ilə əlaqədar qarşılıqlı məsləhətləşmələrin aparılması, razılaşmaların əldə olunması vacibdir. Məhz bütün bunlardan sonra transsərhəd layihələrin həyata keçirilməsindən söhbət gedə bilər”.


Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 17-də İrəvandan təyyarə ilə Qafana uçub. O, gələn həftədən etibarən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafan şəhərinə müntəzəm reyslər həyata keçiriləcəyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.