Paşinyan yenə Kremli qəzəbləndirdi: QƏRB İSƏ ÇOX YANLIŞ ADDIMLAR ATIR
ELÇİN ALIOĞLU YAZIR

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsirndə Rusiya ilə bağlı dediklərindən çox narazıdır. İrəvana dərs vermək üçün Moskva qarabağlı erməni separatçıları daha da aktivləşdirmək niyyətindədir...

 

"Moskva Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı dediklərindən narazıdır".

 

Bunu Rusiya XİN-dəki diplomatik mənbə bildirib.

 

Xüsusilə, Ermənistanın baş naziri Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü bəyan edib. Əslində, İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli küçə olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq alətinə çevrilməməlidir”, - deyə diplomatik mənbə qeyd edib.

 

Mənbə əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətləri “bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi” qiymətləndirir.

 

Rəsmi Moskva Ermənistan XİN-in avqustun 31-də Rusiya XİN-ə ünvanladığı cavab-şərhdən də çox narazıdır: "Paşinyanın və Ermənistan XİN-in açıqlamaları faktiki olaraq öz səhvlərinə və yanlışlarına görə məsuliyyəti Rusiyanın üzərinə atmağa yönəlmiş cəhdlərdir.

 

Bu arada NATO-nun inkişafı üzrə Avropa Komitəsinin rəhbəri, avstraliyalı diplomat Günter Felinger X sosial şəbəkəsində (sabiq Twitter) Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək İrəvanı Şimali Atlantika Alyansına üzv olmağa dəvət edib.

 

Eyni zamanda, o, ABŞ prezidenti Co Baydeni Ermənistanı müdafiə etməyə çağırıb.

 

Avstriyalı diplomatın çağırışları ermənilərlə bağlı əsəbləri tarıma çəkilmiş Moskvanı daha da qəzəbləndirib. 

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə hesab edir ki, Ermənistanın kollektiv Qərblə münasibətlərini hansı səviyyədə və miqyasda qurması ermənilərin müstəqil seçimidir: “Amma Ermənistan bilməlidir ki, NATO-ya meyillənmə, Qərblə əlaqələrin aktivləşdirilməsi Cənubi Qafqazdakı gərginliyin azalmasına səbəb olmayacaq. İrəvan bu vasitələrlə və seçimlə təhlükəsizliyi ilə bağlı məsələləri də həll edə bilməyəcək”.

 

Rusiyalı diplomatın dediyinə görə, “NATO-nun yeganə məqsədi Rusiyanın sərhədləri boyunca gərginlik ocaqları yaratmaq, qonşu ölkələrin Rusiya ilə münasibətlərini mümkün olduğu qədər gərginləşdirmək və pisləşdirməkdir”.

 

O bildirib ki, “NATO mahiyyət etibarilə aqressiv və aşkar şəkildə Rusiyaya qarşı mövqe tutaraq ümumi vəziyyəti ağırlaşdıran strukturdur. Kiminsə buna şübhəsi varsa, Ukraynadakı vəziyyətə baxa bilər. Şimali Atlantika Alyansına maksimum yaxınlaşma siyasəti yürüdən, bu təşkilata üzv olmaq istəyən Ukraynanın vəziyyəti istəklərindən sonra daha təhlükəsiz, daha yaxşı oldu? Düşünmürük. Ümid edirik ki, erməni xalqı yanlış qərar verməyəcək. Onu da unutmayaq ki, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Ermənistan Rusiyanın müttəfiqi, Avrasiya İqtisadi Birliyi, habelə Avrasiya Gömrük İttifaqının üzvüdür”.

 

Moskva Nikol Paşinyana “diplomatik mənbə”lərin bəyanatları formatıda sərt xəbərdarlıqlar ünvanlamaqla yanaşı, İrəvana aşkar təzyiq formatı üçün Xankəndidəki separatçı xuntanın daxilindəki prosesləri aktivləşdirmək qərarına gəlib.

 

Qarabağlı erməni separatçıların liderləri bəyan ediblər ki, sentyabrın 9-da özlərinə yeni rəhbər seçəcəklər. Xuntanın rəhbəri postuna iddialılar bu gündən etibarən namizəd qismində rəsmi qeydiyyatdan keçməlidirlər.

 

Qarabağlı separatçıların sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın siyasi, Rusiyanın Xankəndiyə emissar qismində yolladığı Ruben Vardanyanın maliyyə dəstəyi verdiyi yeni komanda fəaliyyətlə bağlı təlimatları İrəvandakı “qarabağlılar klanı”ndan alır.

 

Həmin klanın rəhbərləri, Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan məhz qarabağlı erməni separatçıları vasitəsilə İrəvandakı hakimiyyətə təzyiq etmək, Paşinyanı devirmək niyyətinldədirlər. 

Yaşanan proseslərin və baş verən hadisələrin əsas səbəbkarı isə məhz kollektiv Qərbdir. ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin delimtasiyası və demarkasiyası, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və ən nəhayət, Zəngəzur dəhlizi layihəsinin istifadəyə verilməsi ilə bağlı prosesləri fəllaşdırmaq niyyətinldədirlər. Lakin İrəvanla Bakıya yanaşmada Qərb sürəkli səhvlərə yol verir, qeyri-müəyyən, yarımçıq və subyektiv siyasət yürüdür, yaşananlarla bağlı obyektiv mövqe tutmaq istəmir.

 

Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində nümayiş etdirdiyi taktikanı Qərb indi də təkrarlayır və beləcə, təhlükəli strategiyanı reallaşdırdığını göstərir.

 

Bakı ilə İrəvan arasında vasitəçilik edərək bu məqsədlə iki marşrut - Vaşinqton və Brüssel - üzrə danışıqlar aparan, sonra həmin marşrutları birləşdirərək vahid istiqamədə çevirməyə çalışan ABŞ ilə Avropa İttifaqı hələ də bir sıra məqamlarla bağlı aydın mövqe nümayiş etdirmir. Məhz Qərbin belə tərəddüdlərindən yararlanan Ermənistan havadarı Fransa, habelə onu dəstəkləyən Hindistan və Yunanıstan vasitəsilə mövqelərini gücləndirməyə çalışmaqla yanaşı, daha aqressiv və sərt ritorikanı seçdiyini göstərir.

 

ABŞ və Avropa İttifaqının vurnuxmaları Azərbaycanla Ermənistan arasındakı danışıqlardakı dövlətlərarası səviyyəni dağıdaraq prosesə qarabağlı ermənilərlə dialoq məsələsinin sirayət etdirilməsinə səbəb oldu. Məhz bundan istifadə edən Ermənistan, habelə ona hamilik edən Fransa Bakı-İrəvan danışıqlarında qarabağlı ermənilərlə Bakı arasında beynəlxalq vasitəçilərin təminatı ilə dialoqu şərt kimi qəbul etdirməyə çalışırlar.

 

Halbuki bəhs olunan məqam həddən ziyadə təhlükəlidir və danışıqlar prosesini ümumiyyətlə dayandıraraq, bölgədə yeni eskalasiyaya səbəb ola bilər.

 

Ermənistanı və qarabağlı erməniləri dəstəkləyən dövlətlər, təşkilatlar və siyasətçilər isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarət arealında yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təminatından danışırlar.

 

Ancaq bu təminatın hansı ölkənin qanunvericiliyi çərçivəsində olacağı ilə bağlı nə ABŞ, nə də Avropa İttifaqı konkret açıqlama vermir və beləcə, beynqəqlxalq hüquqa istinad edirlər.

 

Beynəlxalq hüquq isə Azərbaycan sakini olan qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliklərinin yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində təminatını ehtiva edir. 

Aşkar paradokslar da yaşanır. Belə ki, ABŞ-ın Azərbaycandakı diplomatları Şuşaya səfərlərdən inadla boyun qaçırır, Fransa səfiri isə Aİ ölkələrinin Bakıdakı diplomatlarını bu səfərlərə qatılmamağa çağırır. Beləcə, amerikalı və fransalı diplomatlar açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, qarabağlı erməni separatçılarına dolayısıyla dəstək verirlər. ABŞ və Fransanın danışıqlar prosesində vasitəçilik missiyası daşıdıqları barədə bəyanatlar da komik təsir bağışlayır: vasitəçilik Azərbaycanın suverenliyi prinsipinə laqeydlik demək deyil.

 

ABŞ və Avropa İttifaqının bu təhlükəli yanaşması Nikol Paşinyan üçün də problemlər yaradıb. Belə ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi qismində tanıdığıın bəyan edəndən sonra Vaşinqtonla Brüssel onu dəstəkləmədilər. Nəticədə Nikol Paşinyan Ermənistan daxilindəki revanşistlərin və qarabağlı erməni separatçılarının hədəfinə çevrildi, hakimiyyətinə qarşı ciddi təhdidlə qarşılaşdı.

 

Ən nəhayət, ABŞ və Aİ siyasətçiləri, dövlət xadimləri və diplomatlarının bəyanatlarında “Dağlıq Qarabağ” ifadəsindən gen-bol istifadə etmələri qarabağlı ermənilərlə Erməntstanda “qarabağlı ermənilərin statusu” illüziyasının daha da möhkəmlənməsinə, Xankəndidəki separatçı xuntanın aqressivləşməsinə səbəb olub.

 

Yaranmış vəziyyət Azərbaycanı məqsədlərə çatmaq üçün müstəqil şəkildə hərbi, siyasi, iqtisadi, diplomatik və s. addımlar ataraq praqmatik qərarlar verməyə vadar edir.

 

Artıq aydın görünür ki, kollektiv Qərb Azərbaycanla Ermənistan arasındakı münasibətlərin nizamlanması və normallaşmasına yönəlmiş prossə birmənalı olaraq İrəvana dəstək vermək üçün qoşulub.

 

Rusiya sülh sazişinin mümkün qədər gec imzalanmasına çalışmaqla ümumi vəziyyəti yüngülləşdirmir.

 

Belədə sadəcə özümüzə və ən yaxın müttəfiqlərimizə güvənməliyik.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.