Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 7-də jurnalist Şahvələd Çobanoğlunun işi üzrə qərar verib.
Turan bildirir ki, qərara əsasən, Azərbaycan höküməti jurnalistə təzminat ödəyəcək.
Məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlı idi. Ərizəçi həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozuntusundan da şikayət etmişdi.
Hökumət Ş.Çobanoğlunun effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib. AİHM bəyannaməni nəzərə alaraq, qərar qəbul edib, həmin qərara əsasən, hökumət jurnalistə təzminat ödəməlidir.
Şahvələd Çobanoğlunun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən məhdudiyyət qoyub. Jurnalist bildirmişdi ki, bu onun peşə fəaliyyəti ilə bağlı olub. 2020-ci ildə onun ölkədən çıxışına qadağa götürülüb.