AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçının keçirildiyi Eskişehir stadionu qürurlu anlara səhnə olub.
Belə ki, oyuna gələn azarkeşlərdən biri stadiona özü ilə Azərbaycan bayrağı gətirib.
Təhlükəsizlik yoxlanışı zamanı həmin bayrağı görən türk polisi onu səliqə ilə bükərək bir neçə dəfə öpüb, alnına qoymaqla dövlət rəmzimizə yüksək ehtiram göstərib. Onun bu hərəkəti ətrafdakılar tərəfindən alqışlarla qarşılanıb.
Senzor.az xatırladır ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılmışdı. Buna baxmayaraq, stadionda Azərbaycan bayraqlarına rast gəlinib.
Onu da qeyd edək ki, Türkiyə - Ermənistan matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb.