Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir.
Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli İctimai telekanala müsahibəsində deyib.
“Bu, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar”, - o, jurnalistin sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.