Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, inkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.
Qeyd olunub ki, ölkəmiz Hərəkata sədrliyi dövründə inkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atıb, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsi istiqamətində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bürosunun Bakı şəhərində keçirilmiş nazirlər iclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib.
"Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambleyasına təqdim edilməsinə yol açır.
Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqində və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcək", - deyə məlumatda vurğulanıb.