Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var”, - deyə o, axşam videomüraciətində bildirib.
V.Zelenski əlavə edib ki, bu qış çətinliklər keçmişdəkindən az olmaya bilər. Ona görə də əvvəlcədən lazımi hazırlıqlara başlayıblar. Və bu məsələdə istənilən dəstək çox vacibdir.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukraynaya çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.
Xatırladaq ki, Azərbaycan Ukraynaya bundan əvvəl də elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.