Noyabrın 10-da İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat xarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik.
Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin sözügedən fikirlərlə bağlı şərhində belə deyilir.
Mətbuat katibi qeyd edib ki, Azərbaycan ilə İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər, eyni zamanda, iki ölkə prezidentlərinin noyabrın 9-da Daşkənddə keçirilmiş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir.
Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə bildirib.
İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk.
İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınacağını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik.
Senzor.az xatırladır ki, M.Sübhani erməni jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir?” sualına cavabında deyib: “Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz. Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət (Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər. Biz də (İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq”.