“Partiya üzvləri Salome Zurabişvilinin statusuna tamamilə məhəl qoymadan, bundan sonra onu prezident adlandırmayacaqlar”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Onun xalqın seçdiyi deputatlar, onu seçən çoxluq tərəfindən legitimliyi yoxdur. Ona görə də biz onu prezident deyil, sadəcə olaraq Salome Zurabişvili... müxalifət siyasətçisi adlandıracağıq”, - deyə Mdinaradze bildirib.
Qeyd olunur ki, bu bəyanat “Gürcü arzusu”nun Zurabişvilinin Avropa dövlətinə hökumətlə razılaşdırılmamış səfəri zamanı Fransanın LCI telekanalına verdiyi müsahibədən narazı qalması fonunda verilib.
Xüsusilə, bu müsahibəsində Salome Zurabişvili Çin Prezidenti Si Cinpinin uyğurlara qarşı hərəkətlərinə görə mühakimə oluna biləcəyini bildirib.
Həmçinin jurnalistlərlə söhbətində o, Gürcüstan, Moldova və Ukraynanın eyni zamanda, üçlük şəklində Avropa Birliyinə daxil olmasını təklif edib. Onun sözlərinə görə, bu hadisə 2030, 2031 və ya 2029-cu ildə baş verə bilər.