İnstaqram sosial şəbəkəsi Çeçenistan rəhbərinin oğulları Axmat, Adam və Eli Kadırovun, həmçinin respublika rəhbəri Ramzan Kadırovun fəaliyyətləri ilə bağlı səhifələrini bloklayıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-ə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib: “Bir gün əvvəl müxtəlif internet platformalarında respublikamızda aparıcı akkauntlar bloklanıb. Bunlar Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun və Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun fəaliyyətindən bəhs edən səhifələrdir. Bundan əlavə, başçının oğulları - Axmat, Eli və Adam, həmçinin Xamzat Kadırovların, Çeçenistan dövlət teleradio şirkəti "Qroznı"nın üç kanalının YouTube-da hesabları bloklanıb. Görünür, kiçik Çeçenistan Respublikası xaricdəki “söz azadlığına” nəzarət edənlər arasında o qədər qorxu yaradır ki, onlar informasiya sahəsində həqiqətin səsini boğmağa bu qədər can atırlar”.