"Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.
O bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər: “İllərlə Ermənistanı təxribata çəkərək bu coğrafiyada yaşayan bütün insanların əziyyətləri, çətinlikləri və qarşıdurmaları üzərindən özlərinə xeyir güdənlər əslində ən böyük zərəri ermənilərə verdilər. Həyata keçirilməsi mümkün olmayan xam xəyalları ortaya ataraq erməniləri istismar və istifadə edərək, etibarsızlığa məhkum etdilər. Bu həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir”.
Ərdoğan daha sonra vuröulayıb: “Erməni xalqı və rəhbərlərinin təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarmaları daha doğru olar. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz. Ermənilərin 30 il sonra ortaya çıxan sülh fürsətini yenə fərqli xəyallar quraraq boş yerə istifadə etməmələri ən böyük arzumuzdur. Buradan bir daha Ermənistana Azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq. Türkiyə olaraq bizim də Azərbaycanla əməkdaşlıq içində prosesin uğuru üçün lazımi addımları atmağa hazır olduğumuzu bir daha ifadə edirəm”.