İran hakimiyyəti İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırmaq niyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi məlumat verib.
“İran İslam Respublikası İsrailə qarşı iddia hazırlamaq üçün xüsusi komissiya yaradıb və bu, Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının qətnaməsinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək”, - deyə Kənani Çafi vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammiti keçirilib. Sammitin yekun bəyanatında bildirilib ki, bu birliklərin dövlətləri BCM prokurorundan İsrailin Qəzza zolağında törətdiyi “müharibə cinayətləri” ilə bağlı araşdırma aparmağı xahiş edəcək.
Yeri gəlmişkən, bundan əvvəl Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb. İddiada qeyd edilir ki, Qəzza zolağına endirilən davamlı zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.