Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən Senzor.az-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 880kv.m olan mansard tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220kv.m sahədə yanıb.
Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.
Bu arada yanğınla bağlı TƏBİB də məlumat yayıb. Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.
Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.
Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.
Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.