Yəqin, İradə Qədirovanı (şəkildə soldan) tanıyırsınız - səyyah, fotoqraf, yazıçı-bloger...
İxtisasca tarixçidir. Amma səyahətə də hədsiz marağı var. Həm də çoxlarından fərqli olaraq onun məqsədi təkcə səyahət deyil, Azərbaycanı və dünyanı gəzərək, olduğu yerlərdən foto və videolar çəkib onların təbiətini, tarixini, etnoqrafiyasını, insanlarını daha geniş auditoriyaya tanıtmaq, izləyicilərini məlumatlandırmaqdır. Və təsadüfi deyil ki, səyahətləri barədə artıq iki maraqlı kitab yazıb: “Əfşan” və “Eşqin izi ilə”.
İradə xanım Azərbaycanın müxtəlif bölgələrindəki tarixi-mədəni abidələrə digər milli sərvətlərimizə də xüsusi maraq göstərir və artıq neçə illərdir ki, , onları daha çox insanın tanıması üçün əlindən gələni edir.
Onun son səyahətlərindən biri "Orta Əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğuna olub. Bu şəhərin tarixi, qoruğun yaradılması və əhəmiyyəti barədə izləyicilərinə ətraflı maarifləndirici video və məlumat təqdim edib. Sonda isə, həmişə olduğu kimi, hamını haqqında bəhs etdiyi məkana səyahətə dəvət edib. Həm də bu dəfə "Orta Əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova ilə birlikdə...
Senzor.az tanınmış səyyah-blogerin bu səfərinin məhsulu olan “Tarixin izi ilə: Orta Əsr Ağsu Şəhərinə səyahət” adlı videonu oxucularına təqdim edir...