“Bu film məni çox uzaqlara apardı. İnanıram ki, bu filmdən sonra işimdə daha həvəsli və məsuliyyətli olacağam”.
Senzor.az bildirir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr olunmuş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis filmi izlədikdən sonra keçmiş günləri yenidən xatırladığını deyib: “Xatırladıqca da yaşadıqlarıma dəyər verdim. Düşünürəm ki, belə bir səviyyəyə gəlib çıxa bilmişəmsə, bunu qoruyub saxlamalıyam. Mənim üçün çox maraqlı oldu. Sanki 6-7 yaşımdan 52 yaşıma kimi keçdiyim yola yenidən boylandım. Bir anlıq həmin xatirələrə döndüm".
Qurban Qurbanov filmdə iki səhnənin ona təsir etdiyini vurğulayıb: "İlk səhnə qardaşım Musa Qurbanovun əsgərlikdən gəlmə epizodu idi. Hansı ki, mənim məşqimə baxırdı. Bir də ilk maaşımı aldığım anı qeyd edə bilərəm. 16-17 yaşım var idi, 70 manat almışdım. Maaşı alıb Zaqatala bazarına getmişdim. 40 manatlıq bazarlıq etmişdim. O hissə mənə təsir etdi. Ümumilikdə çox maraqlı filmdir".
Q. Qurbanov bu filmin Norveçdə "Molde" ilə keçirəcəkləri Avropa Liqasının V tur oyununda komandaya əlavə motivasiya verəcəyinə inandığını da söyləyib: “Onlar gördülər ki, qazanılan uğurlara böyük qiymət verilir. Bilirəm ki, futbolçularım bunu yaxşı dərk edirlər”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.