UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 5-ci turu çərçivəsində keçirilən “Molde” - “Qarabağ” oyunu (2:2) haqqında yazıb.
“Qafqazinfo” xəbər verir ki, yazıda sözügedən oyun haqda bu fikirlərə yer verilib: ““Qarabağ” erkən pley-offa yüksəlmək fürsətini əldən verdi. Bunun üçün “Molde”ni səfərdə məğlub etməli idi. Juninyonun möhtəşəm driblinqlə solo irəliləyiş etdiyi zaman erkən qol vuran Azərbaycan klubu 82-ci dəqiqəyə kimi bu hədəfə doğru uğurla irəliləmişdi. Lakin sonradan "Qarabağ" 5 dəqiqə ərzində 2 qol buraxdı. Bu qolları Kristian Eriksen vurdu.
Bununla belə, Qurban Qurbanovun komandası məğlubiyyətdən xilas olmaq üçün güc tapdı. Əlavə olunmuş dəqiqələrdə Bəhlul Mustafazadə qeyri-ənənəvi standart vəziyyətdən fərqləndi. Beləliklə, xalları bərabər olan “Qarabağ” şəxsi görüşlərdə “Molde” üzərində üstünlüyü təmin etdi. “Hekken”lə son turda evdəki matçda qalib gəlsə, mütləq pley-offa yüksələcək”.