Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini boykot etmək qərarına gəlib.
“Turan” bildirir ki, bu qərar dekabrın 16-da partiyanın VII (X) qurultayında qəbul edilib.
“Partiyadaxili müzakirələrdən sonra seçkiləri boykot etmək qərarı verildi. Qərarı qurultay nümayəndələrinin mütləq əksəriyyəti dəstəkləyib, yalnız iki iştirakçı əleyhinə səs verib”, - deyə AXCP-dən bildiriblər.
Partiya funksionerlərinin iddiasına görə, bu qərarın qəbul edilməsinə səbəb ölkədə ədalətli və demokratik seçkilərin keçirilməsi üçün şəraitin olmamasıdır.
Xatırladaq ki, bundan əvvəl Müsavat partiyası da seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı.
Öz növbəsində hakim Yeni Azərbaycan Partiyası hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa və Milli Məclisin digər üzvü, Sosial Araşdırmalar Mərkəzinin sədri Zahid Oruc da seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.