Çox böyük emosional tərəfdar kütlələrinə malik iki Türkiyə komandasının – “Qalatasaray” və “Fənərbaxça”nın Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdıran oyununun təxirə salınması üzərində sosial şəbəkələrdə və mediada başladılan sistemli təbliğat kampaniyasının bircə məqsədi var: ərəb-türk millətçiliyini və qarşıdurmasını yenidən körükləməklə, Fələstin mövzusunda İslam ölkələrinin vahid mövqedən çıxış etməsinin qarşısını almaq, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son illər yaxınlaşma üçün aparılan danışıqları ictimai nifrət və etirazlarla pozmaq!
Xatırladaq ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tədricən ABŞ-dan uzaqlaşaraq, Rusiya, Türkiyə və Çinlə yaxınlaşma xətti seçib. O, hətta fərdi təşəbbüsüylə Səudiyyənin rəsmi məzhəbi sayılan sələfilikdə islahatların aparılmasının tərəfdarı kimi də çıxış edir...
7 oktyabrda başlanan HƏMAS-İsrail savaşı isə ərəb dünyasının ABŞ-İsrail ittifaqından uzaqlaşması prosesini daha da sürətləndirmişdi. Türkiyə ərəb dünyasının vahid müqavimət cəbhəsinin yaradılmasında ən fəal oyunçu kimi çıxış edirdi.
HƏMAS-a, Fələstin xalqına verdiyi dəstəklə Türkiyənin ərəb dünyasında, o cümlədən Səudiyyə Ərəbistanında nüfuzu xeyli yüksəlmiş və onun İslam dünyasına liderlik imkanlarını xeyli artırmışdı.
Görünən odur ki, Qərb bu dəfə də həm Türkiyədə, həm də Səudiyyə Ərəbistanındakı çoxillik şəbəkəsini hərəkətə gətirməklə, köhnə ərəb-türk düşmənçiliyi üzərində İslam dünyasında yeni bir fitnə ocağını alovlandıracağına əmindir!
“Vaşinqton-post”un məşhur jurnalisti Camal Qaşıqçının 2018-ci ildə Türkiyədə qətlə yetirilməsindən sonra Türkiyə ilə Səudiyyə arasında gərginliklər yaşansa da, hər iki ölkənin rəhbərliyi bu hadisədən bir-birinə qarşı istifadə cəhdlərinin qarşısını ala bilmişdi.
Böyük ehtimalla, Türkiyə prezidenti Ərdoğan və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman bu olayın həm də hər iki liderə qarşı təşkil edilmiş bir təxribat olduğunun yaxşı fərqindədilər və sağlam düşüncə bu dəfə də qalib gələcək.
Bu hadisələr bir daha sübut edir ki, İslam dünyasında birləşdirici ümmətçi düşüncə bölücü millətçi düşüncəni üstələmədikcə, bizim coğrafiyamızda hələ belə fitnələr çox yaşanacaq!