MAKRON HƏLƏ DƏ DƏRK ETMİR Kİ... - Professor Benjamen Morel onu niyə “bankaya düşmüş milçək” adlandırır?
ELÇİN ALIOĞLUNUN YAZISI

1848-ci ilin dekabrın 10-dan 1852-ci ilin dekabrın 2-dək Fransanı ölkənin ilk prezidenti kimi idarə etmiş Şarl Lui Napoleon Bonopart sonradan 1870-ci ilədək imperator oldu, 3-cü Napoleona çevrildi.

 

Onun hakimiyyət dövrü Fransanın fasiləsiz uğursuluqları, məğlubiyyətləri, mövqelərini itirməsi və bir çox məkanlardan geri çəkilməsi ilə yadda qalıb.

 

Xarici siyasətin incəliklərindən, ümumiyyətlə, başı çıxmayan 3-cü Napoleon hərbi, siyasi və iqtisadi baxımdan Fransadan dəfələrlə gücü Prussiyaya meydan oxumuş, hətta Meksikaya ekpedisiya da yollamışdı.

 

Prussiya ilə münasibətləri ifrat dərəcədə sərinləşdirən 3-cü Napoleon səriştəsiz və yarıtmaz nazirlərinin təşviqi ilə imperator 1-ci Vilhelmə müharibə elan etdi.

 

1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsi Parisin kapitulyasiyası və Fransadakı 2-ci İmperiyanın çökməsi ilə başa çatdı.

 

Beləcə, Fransanın qüdrətli dünya gücünə çevrilmək niyyəti puç oldu. 

... Fransa prezidenti Emmanuel Makron sanki uğursuz, müharibədə əsir düşən və sonra da sürgündə vəfat edən 3-cü Napoleonun reinkarnasiyası, yeni təzahürüdür.

 

Ötən ildə E.Makronun dövlət başçısı postundakı fəaliyyətinə nəzər salsaq, onun səriştəsizliyini, eqosentrizmini, ifrat təşəxxüsünü, yanlış planlaşdırma mərəzini açıq görmək olar. Prezident postu Emmanuel Makron üçün deyil.

 

Daxili siyasətdə başladığı pensiya islahatlarının biabırçı sonluğu ilə qarşılaşan Makron xarici siyasətdə Fransanın çözməli olduğu problemlərin heç birini (!) həll edə bilməyib.

 

Makron 2002-ci ilin ilk günündə millətə müraciətində "2023-cü il Fransa üçün birlik, cəsarət, kollektiv ambisiyalar və səmimiyyət ili olacaq" demişdi. Lakin 2023-cü ildə o, etimadsızlıq votumundan güclə qurtuldu, yayda isə Fransada kütləvi etiraz aksiyaları başlandı.

 

Paris Universitetinin professoru Benjamen Morel "Public Sénat"a verdiyi müsahibəsində deyib: "Emmanuel Makron indi bankadakı milçəyə bənzəyir. Bankadakı suda batmamaq üçün o, fasiləsiz olaraq vurnuxmalı, uçmalıdır. Milçək bu minvalla bankadan çıxa bilmədiyi kimi, Makron da düçar olduğu problemlərlə çətinliklərin həllində gücsüzdür". 

Tanınmış fransalı politoloq Bruno Kotres isə söyləyib: "Ötən il bizə "Emmanuel Makronun ikinci səlahiyyət müddətində ölkə haraya, niyə hərəkət edir?" kimi əsas suala dəqiq və aydın cavab vermədi. Heç bir istiqamət yoxdur. Emmanuel Makronun idarəetmə sistemində və siyasətində prioritetlərinin, məqsədlərinin nələr olduğunu hələ də anlaya bilmirik".

 

Fransadakı situasiya isə, həqiqətən, ağırdır, çünki 2024-cü ilin ilk günlərinə olan statistik məlumatlara görə, ölkə sənayesində və istehsalatında geriləmə sürətlənib. Fransanın istehsalat sektorunda Alışlar üzrə Menecer İndeksi (HCOB France Manufacturing Purchasing Managers Index, PMİ) 42,1 faizə düşərək, 2020-ci ilin mayından bəri ən aşağı səviyyədə bərqərar olub. Nəzərə çatdıraq ki, PMİ indeksinin 40 faizdən aşağı olması iqtisadi reqressin və geriləmə proseslərinin göstəricisidir.

 

Analitiklər hesab edirlər ki, yaxın müddətdə Fransa iqtisadiyyatında müsbət təmayülləri gözləməyə dəyməz.

 

Emmanuel Makron isə, deyəsən, kimlərin və hansı ölkənin dövlət başçısı olduğunu unudub. Tənəzzül yaşayan iqtisadiyyatı, çox ciddi problemlərin yaşandığı sosial və siyasi həyatı bir kənara qoyaraq, o, xarici siyasətdə çox təhlkəli avantüralarla məşğuldur. 

Onun intriqalara və siyasi oyunlara ifrat meyilli olmasını anlamaq üçün Fransa hökumətindəki son dəyişikliklərlə təyinatları səthi təhlil etmək də yetər.

 

Məhz yarıtmaz idarəetmə nəticəsində Fransada iqtisadi inkişaf templəri sürətlə aşağı düşür, inflyasiya artır, marazmatik pensiya islahatının körüklədiyi sosial gərginlik daha da ağırlaşır.

 

Emmanuel Makron zəif diplomat, bacarıqsız və populist siyasətçi olmaqla yanaşı, Fransanın daxili gündəmindəki ağır problemlərin həlli üçün anlaşılan, effektiv proqramı hazırlayaraq reallaşdıra biləcək peşəkarlar komandasını belə, formalaşdıra bilməyib.

 

Onun xarici siyasətinə, yürütdüyü diplomatik strategiyaya gəldikdə, Fransanın dünyanın müxtəlif məkanlarında üzləşdiyi uğursuzluqları görməmək mümkün deyil. Həmin başabəla siyasət Afrikanın qərbindəki Sahel bölgəsində və Cənubi Qafqazda xüsusilə qabarıq təzahür edib.

 

Afrikada Niger, Burkina-Faso, Toqo, Mali, Niger, Qabon və daha 5 ölkə Fransa ilə onillərdən bəri davam edən əlaqələri minimuma endirməyə başlayıblar. Bəzi ölkələrdə isə afrikalılar, ümumiyyətlə, fransız dilini dövlət dili statusundan məhrum ediblər, Fransa diplomatlarını ölkədən çıxarıblar.

 

Belə vəziyyətdən qurtulmaq və effektiv diplomatiyanı gerçəkləşdirmək əvəzinə, Emmanuel Makron çıxış yolunu Sahel bölgəsindəki ölkələri hərbi müdaxilə ilə hədələməkdə, Fransadan hələ də asılı olan Afrika dövlətlərindən aqressiv hərbi koalisiya formalaşdırmaqda görüb.

 

Cənubi Qafqazda isə Ermənistan hakimiyyətini tam və qeyd-şərtsiz şəkildə dəstəkləyən, erməniləri “Fransanın əzəli, qədim və tarixi müttəfiqi” adlandıran Emmanuel Makron İrəvana hücum silahlarının satılmasına, erməni ordusunun qalıqlarının sürətlə silahlandırılmasına göstəriş verib.

 

Bu silahlar və hərbi texnika bölgədə vəziyyətin yenidən ifrat gərginləşəcəyi təqdirdə Ermənistana kömək edəcəkmi? Əsla. 

 

 

Faktiki Fransadan idarə olunan rəsmi İrəvan marazmatik siyasət yürüdən Makronun təlimatlarının icrasına heç bir etirazsız davam edərsə, risklər və çağırışlar ağırlaşacaq.

 

Uduzan Ermənistan olacaq. Fransa isə növbəti ağır nüfuz itkilərindən, boşuna xərclənmiş milyardlarla avrodan və daxili problemlərin artmasından savayı heç nə qazanmayacaq.

 

Məhz bu səbəbdən Emmanuel Makronun xarici siyasətdəki təşəbbüslərinin tam əksəriyyəti fiasko ilə başa çatıb.

 

Bu şəxs hələ də dərk etmir ki, Fransa Avropa İttifaqının ən inkişaf etmiş dövlətlərindən biri olduğundan, Afrikanın Sahel bölgəsində olduğu kimi, Cənubi Qafaqazda da Parisin davranışı Avropa İttifaqına olan münasibətin müəyyənləşməsində əhəmiyyətli rol oynayır.

 

Makronun bərbad siyasəti, uğursuz diplomatiyası və geosiyasətdə piyada olması Avropa İttifaqına antipatiyanı artırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.