Yeni Baş plana görə, 2040-cı ilədək Bakıya 100 milyard dollara yaxın pul xərclənəcək. Havası toksik, içməli su mənbələrindən çox uzaqda yerləşən, tıxacları günü-gündən çoxalan Bakıya bu qədər vəsait qoymağa dəyərmi?
Yarısı avtobuslar, indi də velosipedlər üçün ayrılmaqda olan dar yollar, yağış sularını ötürə bilməyən kanalizasiya sistemi, insanlarla həddindən artıq yüklənmə, nizamsız gecəqondular, şəhərin ətrafa doğru böyümək imkanlarının məhdudluğu, ölkənin tam bir kənarında yerləşməsi və sair və ilaxır saysız-hesabsız arqumentlər var ki, paytaxtımızın, nəhayət dəyişməsi haqda düşünməyi kifayət qədər zəruri edir.
Nə təklif etmək olar? Gəlin ən rahat, ən ağlabatan, ən perspektivli istiqamətə yönələk: Qarabağ. Bu ərazidə ən uyğun şəhər isə Ağdamdır. Hazırda şəhər sıfırdan qurulur. Bunun özü isə bir imkandır. Yəni nəyisə sökmək, nəyisə köçürmək ehtiyacı yoxdur. Ona görə də indidən bütün detalları, Bakıda rastlaşdığımız çətinlikləri, o cümlədən şəhərsalmada müasir dünya standartlarını, eləcə də 10 illər sonranın mümkün inkişaf istiqamətləri və cəhətlərini nəzərə almaqla, Ağdamı paytaxt kimi tikmək lazımdır.
Siyasi, iqtisadi və təhlükəsizlik baxımından uyğun yerləşmə - ölkənin təxminən orta bir ərazisi, təmiz hava, su, elektrik mənbələrinə yaxınlıq, Kiçik Qafqaz dağlarının bütün gözəlliyi əl altında, paytaxt sakinlərinin indikindən daha sağlam və xoşbəxt yaşamaq göstəricisi, coğrafi baxımdan Naxçıvana, Türkiyəyə və Avropaya yaxınlıq və başqa çoxsaylı üstünlüklər, imkanlar.
Məsələnin digər tərəfi də odur ki, Bakıya qoyulacaq 100 milyard vəsaitin şəhərin problemlərinin heç 30 faizini də həll etməyəcəyini hər kəs yaxşı bilir. Hətta həll eləsə belə, davamlı olmayacaq, 5-10 il sonra daha kəskin şəkildə ortaya çıxacaq.
Elə isə, “kosmetikaya” 100 milyard dollar xərcləmək lazımdırmı? Halbuki, bu vəsaitdən bəlkə daha azını sərf etməklə müasir, gözəl bir şəhər - yeni paytaxtımızı tikə bilərik. Özü də 2040-dan daha tez. Nəticədə ölkəmiz “uzun illərdi müalicə olunan, amma heç cür sağalmayan” bir dərddən, ağır bir problemdən həmişəlik qurtulmuş olar, Azərbaycan rahat nəfəs alar.
Məğrur Əli Polad