Qərbin riyakarlığı Avropa İttifaqının (Aİ) əsas dövlətlərinə ölkələrinin milli maraqlarını hər şeydən üstün tutan liderlər rəhbərlik etməyənədək davam edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov yanvarın 22-də Strasburqda işə başlayan AŞPA-nın qış sessiyasının ilk günündə irəli sürülən bir sıra anti-Azərbaycan təşəbbüsləri və qərarları şərh edərkən deyib.
“Rusiya Aİ-də öz mövqeyini göstərməyə başlayan kimi onun hüquqları dərhal məhdudlaşdırılmağa başladı və nəticədə biz AŞPA-dan çıxdıq. Buna görə kim zərər çəkdi? Yalnız Avropa İttifaqı. Bax, Azərbaycanla bağlı da eyni vəziyyətdir. Bakı beynəlxalq miqyasda maraqlarını qətiyyətlə müdafiə edir, bu da cavabı. Onlar nə edəcəklərini bilmirlər. Bir tərəfdən Azərbaycanın ehtiyatlarından asılılıq, digər tərəfdən Parisin və Berlinin Cənubi Qafqazda Moskva və Bakının ümumi maraqlarına xələl gətirmək istəyi. Üstəlik ABŞ-ın təsiri. Aİ bürokratları üçün seçim birmənalıdır – guya münaqişədən zərər çəkmiş və həm Bakı, həm də Moskvadan inciyən Ermənistana kömək bəhanəsi ilə Azərbaycana təzyiq göstərmək”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, “kollektiv” adlandırılan Qərbin bu cür davranışı Azərbaycanı və Rusiyanı yolundan döndərməməlidir.
“Düşünürəm ki, Qərbin riyakarlığına öyrəşməyin və sadəcə olaraq, öz milli maraqlarını müdafiə etməkdə davam etməyin vaxtıdır. Ölkələrimizin prezidentləri çox gözəl münasibətdədirlər və bu əlaqələr daha da möhkəmlənir. Biz birlikdə Cənubi Qafqazda birbaşa kəsişən Bakının maraqlarını müdafiə edə biləcəyik. Bu vəziyyət isə Avropa İttifaqının əsas dövlətlərinə İlham Əliyev və Vladimir Putin kimi, ölkələrinin milli maraqlarını hər şeydən üstün tutan liderlər rəhbərlik etməyənədək davam edəcək”, - deyə ekspert vurğulayıb.