Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə beş il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.
"Report" xatırladır ki, ittiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat iki radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.
Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.