Kərimə dövləti qurmaqda, sabiq təhsil naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edilən dəstə üzvlərinin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda tərəflərin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib.
Bu iş üzrə 13 nəfər-Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev mühakimə edilir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla tutulan müttəhimlərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bugünkü iclasda müdafiə tərəfinin ilk vəsatətləri müttəhimlər haqda seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.
Məhkəmə qətimkan tədbrinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini əsas gətirərək vəsatəti rədd edib.
Prosesin davamında təqsirləndirilən Hüseyn Hüseynzadənin müdafiəçisi Misir Mərdanov və Mirşahin Ağayevin zərərçəkmiş qismində tanınmasına xitam verilməsini istəyib. Vəkil hesab edir ki, Mərdanov və Ağayevə heç bir zərər dəyməyib, onlara qarşı iddia olunan sui-qəsd planı hazırlanmasından xəbərləri olmayıb.
Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, qeyd olunan məsələ hazırlıq iclasının predmetinə aid deyil.
Vəsatət baxılmamış saxlanılıb.
Hazırlıq iclasının sonunda məhkəmə baxışının qapalı keçirilməsi qərara alınıb.
İlk baxış iclası yanvarın 31-ə təyin edilib.
“Qafqazinfo” xatırladır ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dövlətə xəyanətdə , dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd cəhdi hazırlamaqda, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə və digər maddələri ilə ittiham edilirlər.