Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılmış Ruben Vardanyan barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində davam edir.
Senzor.az xatırladır ki, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb. R.Vardanyanın müdafiəçisi tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdi.
Bakı Apellyasiya Məhkəməsində keçirilmiş prosesdən sonra məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyan barəsində həbs müddətinin uzadılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.