Ermənistanın 1990-cı ildə Qarabağa istinad edən Müstəqillik Bəyannaməsi regionda sülhün bərqərar olmasına maneədir.
Senzor.az bildirir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan yerli İctimai Radioya müsahibəsində deyib.
“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”, - deyə o vurğulayıb.
Paşinyan həmçinin qeyd edib ki, dövlətlə vətəndaşlar arasındakı münasibətlərdəki çatları aradan qaldırmaq və onlar arasında genetik əlaqəni bərpa etmək üçün ölkəyə yeni Konstitusiya lazımdır: “Konstitusiyanın dəyişdirilməsi mövzusu həm "məxməri inqilab", həm də 2020-ci il müharibəsindən sonra müxtəlif hallarda qaldırılıb. Yeni - dördüncü respublika üçün yeni konstitusiyanın qəbulu təklifi var və xalqın qərarı prosesə legitimlik verəcək".
Baş nazir vurğulayıb ki, hazırkı Konstitusiya 1995-ci ildə qəbul edilib və bir neçə dəfə dəyişdirilib. Eyni zamanda, onun fikrincə, heç vaxt vətəndaşın razılığı ilə və onun iradə ifadəsi şəraitində, yəni referendumla islahat aparılmayıb.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.