Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib.
Bu barədə Musavat.com mötəbər qaynaqlarına istinadən xəbər yayıb.
Xəbərdə deyilir: “Bundan əvvəl də yazdığımız kimi, o, istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və dövlət qurumlarına istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini yazır”.
Sitat: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib.
O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir".
Məlumatda o da vurğulanırdı ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir.
Mənbə onu da bildirib ki, Araik Arutyunyanın digər arzuları kimi, 7 fevral seçkisində iştirak etmə arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün Azərbaycan vətəndaşlığı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Araikin arzusu var”.