Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə bağlı kortəbii aksiya keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinq iştirakçıları Rusiya Prezidenti Vladimir Putin və erməni jurnalist, təbliğatçı Marqarita Simonyanın ünvanına təhqirlər səsləndiriblər.
Xatırladaq ki, 47 yaşlı rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında dünyasını dəyişib.
Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər: "Hadisə yerinə dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri tibbi yardım tədbirlər aparılıb, lakin bu müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır".
Onu da qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib.
Navalnı Rusiyada 2011-2013-cü illərdə meydana gələn etirazların öncülərindən olmuş, seçki saxtakarlığına və hökumətin korrupsiyasına qarşı kampaniya aparmışdı. Kreml əleyhinə müxalifətin rəhbəri timsalında ekstremizm və dələduzluq ittihamı ilə həbs edilmişdi.
2020-ci ildə noviçokdan zəhərlənmə şübhəsi ilə komaya düşmüş və müalicə üçün Almaniyaya aparılmışdı. Sağalaraq 2021-ci ildə ölkəsinə qayıtmış və şərti azadlığa buraxılma pozuntusu ittihamı ilə saxlanılmışdı.
Aleksey Navalnı ümumilikdə 30 il azadlıqdan məhrum edilmişdi.