İran hakimiyyətinin yüksəkrütbəli məmurlarının övladları və yaxın qohumlarının rejimin düşmən adlandırdığı Qərb ölkələrində yaşaması və oxuması, yaxud vətəndaşlıq alması barədə xəbərlər vaxtaşırı meydana çıxıb və teokratik rejimin məsul şəxslərinin riyakarlıq və ikiüzlülüyünün isbatına çevrilib.
“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, son günlər aşkara çıxan bu tipli yeni bir fakt isə digər analoji halları kölgədə qoyub və İran cəmiyyətində çox geniş əks-səda doğurub. Çünki söhbət sıradan bir məmurun deyil, ölkənin ali rəhbərliyinə daxil olan şəxsin - parlamentin sədri, üstəlik də “Sepah”ın generalı Məhəmməd Bağır Qalibafın oğlu İshaqın Kanadaya daimi mühacirət etmək istəyindən gedir.
Fevralın 13-də tanınmış araşdırmaçı jurnalist Yaşar Soltani bununla bağlı öz saytında bir xəbər dərc edərək yazıb: “Məhəmməd Bağır Qalibafın oğlu İshaq Qalibafın immiqrasiya vizası almaq marafonu, nəhayət, Kanadada məhkəmənin onun xeyrinə qərar verməsi ilə yekunlaşıb və onun Kanada vizası almaq yolu açılıb”.
Jurnalistin bildirdiyinə görə, İshaq Qalibafın immiqrasiya işi 2019-cu ildən bəri davam edir və ciddi təhlükəsizlik yoxlamaları səbəbindən uzun bir prosesə çevrilib.
Proses uzananda isə İshaq Qalibaf Kanadanın İmmiqrasiya və İctimai Təhlükəsizlik nazirliklərini məhkəməyə verib və işi aparmaq üçün məşhur vəkil Poultonun xidmətindən istifadə edib. Nəhayət, ötən ilin oktyabr ayında məhkəmə qərar çıxarıb ki, Kanada İmmiqrasiya Nazirliyi 60 gün ərzində İshaq Qalibafın viza müraciəti ilə bağlı məsələni həll etməlidir.