Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib.
Partiyanın Mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və cari ildə keçiriləcək seçkilər, həmçinin Referendum keçirələcəyi ehtimalı nəzərə alınaraq AMİP Seçki Qərargahının formalaşdırılması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə AMİP Ali Məclisinin iclasının çağırılması barədə qərar qəbul olunub.
Siyasi Şura həmçinin, AMİP sədrinin Təşkilat məsələləri, Seçkilər və Bələdiyyələrlə iş, Beynəlxalq məsələlər və Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müavinlərinin cari ildə görüləcək işlərlə bağlı təqdim etdikləri fəaliyyət proqramlarını dinləyib və qənaətbəxş hesab edib.
İclasda 26 fevral Xocalı faciəsinin qurbanlarına qoyulan Abidənin ənənəvi olaraq ziyarət ediləcəyi diqqətə çatdırılıb və bir sıra digər cari məsələlər müzakirə olunub.