Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə (Azərbaycanla Ermənistan-red.) bir araya gəlib sülh müqaviləsini imzalamalıdır.
Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı deyib.
H.Hacıyev onu da vurğulayıb ki, sülh müqaviləsi sadəcə imzalanmaq naminə imzalanmamalıdır, sülhə nail olmaq üçün real niyyət lazımdır.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir: “Azərbaycan bu niyyətin daşıyıcısıdır. Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən də məhz Azərbaycan Respublikasıdır.
Amma təəssüflər olsun ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silahlanma yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda, Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var. Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir”.
Prezidentin köməkçisi, həmçinin deyib ki, Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir.