Martın 1-də Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Senzor.az bildirir ki, mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, idman ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Filmdə “Qarabağ” futbol klubunun yerli çempionatda və avrokuboklarda uğurlu çıxışı, Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra “İmarət” stadionunun taleyi, “köhlən atlar”ın sabiq futbolçusu, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan bəhs olunub.
Mədəniyyət Nazirliyinin, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan dördhissəli filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladıqları materiallar və onların fikirləri də yer alıb.
Təqdimat mərasiminə qatılan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov film barədə fikirlərini bölüşərkən jurnalistlərə deyib ki, iki ildən artıq idi, bu film üzərində işləyirdilər: “Maraqlıdır ki, çox gizlində işləyirdilər. Filmdə yer alan kadrları bir və ya iki dəfə görmüşəm ya görməmişəm.
Hətta bəzi epizodlara baxdım ki, gizli kamera qurulub, bizim heç xəbərimiz də olmayıb. Elə kadrlar var idi ki, gizli kamera ilə çəkilib. “İmarət”də olan son oyundan ta bu günə kimi filmdə ətraflı məlumat verilib. Filmin böyük tarixi oldu. Mənim bu komandada işlədiyim gündən futbolçulara çatdırdığımı efirdə gördüm. Filmin çəkiliş heyətini bizim xarici səfər oyunlarında görmüşəm. Bəzən fikirləşirdim ki, bunlar bizim təyyarə ilə gəlməyiblər. Sən demə, gizli çəkilişlər gedirmiş. Deməli, filmin çəkilişinə böyük vəsait sərf olunub. Başda Arzu xanım Əliyeva olmaqla hər kəsə təşəkkür edirəm. Görəndə ki, dövlət səviyyəsində bu komandaya dəyər verilir, inanın ki, məsuliyyətim, həvəsim daha da artır”.