Milli Məclisin iclasında hökumətin hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deputatları narahat edən məsələlərə münasibət bildirib.
Senzor.az bildirir ki, hökumət başçısı quru sərhədlərin bağlı olması ilə bağlı narahatlıqlara da toxunub.
“Bizim quru sərhədlərin bağlanması ilə bağlı qərarı mən 2021-ci ildə imzalamışam. Bu yaxınlarda da 3 aylıq bağlı qalması ilə bağlı qərara imza atdıq. Sərhədlərimiz bu müddətdə bağlı qalacaq” - deyə Əli Əsədov bildirib.
O, həmçinin qeyd edib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə isə 5,7 faiz olub. 2024-cü il üçün iqtisadi artım proqnozumuz 2,6 faizdir: “Deputatlardan kimsə artım tempinin 1,1 faiz olduğunu dedi. Bu, elə 1,1 faizdir, 1-in altında deyil. Demirəm ki, bu, idealdır. Mən sadəcə olanı deyirəm”.