Ermənistanın sürətlə Qərbə doğru meyillənməsi, Fransanın timsalında özünə yeni "hami və havadar" tapdığını düşünməsi, ABŞ və Avropa İttifaqından (Aİ) sürəkli dəstək almağa güvənməsi, NATO ilə intensiv tərəfdaşlığa başlayaraq ordusunu sürətlə silahlandırması bölgə dövlətlərini narahat etməyə bilməz. Daha çox qayğılanan isə Rusiyadır.
Rusiya XİN-in kollegiyasının Cənubi Qafqaz üzrə xüsusi iclas keçirərək, "Rusiyanın bölgədəki maraqlarının qorunması və inkişaf etdirilməsi" məsələlərini müzakirə etməsi son ayların, bəlkə də, ən qəfil hadisələrindən biri sayıla bilər.
Rusiya diplomatiyasının müasir tarixində Cənubi Qafqazda xüsusi diqqət yetirilən nadir toplantılardan biri olan bu iclasda "Rusiyanı strateji məğlubiyyətə düçar etməyə çalışan kollektiv Qərb Ukraynadan sonra Cənubi Qafqaz da daxil olmaqla, postsovet məkanının digər hissələrində Rusiyanı bölgə ölkələri ilə bağlayan strateji müttəfiqlik və tərəfdaşlıq münasibətlərini pozmağa, habelə mövcud iqtisadi tərəfdaşlıq və kollektiv təhlükəsizlik mexanizmlərini dağıtmağa çalışır".
İclasda daha sonra vurğulanıb: "Yalnız "sıfır cəmli oyunlar" məntiqi ilə hərəkət edən Qərbdən fərqli olaraq, Rusiya üçün prioritet Cənubi Qafqazda stabilliyin, sülhün və təhlükəsizliyin təminatıdır. Rusiya bundan sonra da ümumi çoxəsrlik tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu bölgənin bütün dövlətləri ilə qarşılıqlı sayğı və mənfəətə əsaslanan əməkdaşlığı davam etdirəcək".
Bəyan olunub ki, Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli anlaşmalar kompleksi tam həyata keçirilməli, Bakı və İrəvan arasında sülh sazişi razılaşdırılmalı, bölgədə nəqliyyat kommunikasiyaları blokadadan çıxarılaraq işə salınmalı, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədi demarkasiya və delimitasiya edilməlidir.
Bu kontekstdə "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) regional platformasının potensialı ilə imkanlarından daha fəal istifadə olunmalıdır.
Rusiya XİN-in son onilliklərdəki tarixində unikal hadisə sayıla biləcək toplantının məhz indi keçirilməsinin səbəbləri, habelə rəsmi Moskvanın Cənubi Qafqazda hansı maraqlarını qoruyaraq inkişaf etdirmək niyyətində olması ciddi maraq doğuran məsələlərdir.
Moskva hesab edir və hətta qəti əmindir ki, Ermənistandan vasitə qismində istifadə etməyə başlamış "kollektiv Qərb", yəni ABŞ, Fransa və Avropa İttifaqı bölgədə Rusiyanın maraqlarına mümkün qədər ağır zərbələr endirmək, prosesləri Rusiyanın mütləq şəkildə Cənubi Qafqaz bölgəsindən sıxışdırılıb çıxarılması ilə nəticələndirilməsinə can atır.
Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə qəbul edilmiş qərarlardan sonra Qərbin ermənilər vasitəsilə Cənubi Qafqaza müdaxilə ssenarisi işə salınıb.
Ermənistanı sürətlə silahlandıran, ermənilərə bütün sahələrdə yardımlar və dəstək vəd edən Qərb bütün bunların müqabilində ermənilərdən Rusiya ilə əlaqələri minimuma endirməyi tələb edir.
Tələblər arasında Ermənistanın MDB dövlətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını tərk etmək, daha sonra isə Moskvanın total nəzarətindəki Avrasiya İqtisadi İttifaqından və Avrasiya Gömrük Birliyindən kənarlaşmaq da var.
Rusiya bütün bunları Cənubi Qafqazdakı maraqlarına həddən ziyadə ciddi təhlükə sayır və diplomatik potensialını maksimum səfərbər edərək, Qərbin planlarını pozmağa hazırlaşır.
Rusiyanın XİN başçısı Sergey Lavrov indiyədək müxtəlif səviyyələrdə və məkanlarda dəfələrlə bəyan edib ki, Qərbin həmin planları Cənubi Qafqazdak situasiyanı gərginləşdirir. Ermənistanınsa Rusiyadan asılılıqdan qurtulmaq və Qərb meyilli siyasət yürütmək niyyətini S.Lavrov "düşünülməmiş qərarlar" adlandıraraq, "Ermənistanı da Ukrayna ssenarisi gözləyə bilər" deyib.
Rusiya XİN-də keçirilmiş fövqələdadə toplantının nəticələrini çox qısa səciyyələndirmək olar: Moskva bölgjəmizdə yeni "ayırıcı və məhdudlaşdırıcı xətlər"in formalaşdırılmasına imkan verməyəcək. Belə xətlər dedikdə Rusiya bölgəmizdəki dövlətlərin yeni ideoloji platformalar və geosiyasi meyillər baxımından düşərgələnməsini, yeni qarşıdurma vəsilələrinin formalaşmasını nəzərdə tutur.
Moskva açıq şəkildə bəyan edir ki, Gürcüstanla Ermənistanın Qərbə meyillənərək, kənardan alınan təlimatlar əsasında siyasət formalaşdırması onun maraqlarına qətiyyən cavab vermir. Bəhs olunan səbəbdən Cənubi Qafqazda son vaxtlar kollektiv Qərbin güclənən təsir imkanlarını Moskva bütün imkanlarını, rıçaqlarını və vasitələrini işə salaraq minimallaşdırmağa çalışacaq.
Məsələn, Rusiya XİN-in son bəyanatında yer alan "... kollektiv təhlükəsizlik mexanizmləri dağıtmağa çalışır" ifadəsi ABŞ-Fransa-Aİ triosunun Ermənistanı KTMT sıralarından çıxmağa sövq etməsini nəzərdə tutur.
Rusiya KTMT-ni və Avrasiya İqtisadi İttifaqını təbii ki, onu Ermənistanla "tərəfdaşlıq və müttəfiqlik əlaqələri ilə bağlayan" təşkilatlar sayır. Reallıq da budur ki, sözügedən təşkilatlar İrəvanı Moskvanın hərbi-siyasi və iqtisadi təsir zonasında saxlamağa yönəlib.
Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycandan vaxtından əvvəl çıxarılması, Ermənistanda 32 ildən bəri işğalda olan 8 kəndimizin 4-nün artıq azad edilərək Azərbaycana qaytarılması, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya proseslərinə başlamaq barədə qərar verilməsi - bütün bunlar Moskvanı ciddi narahat edən məsələlərdir.
Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların birbaşa, Rusiyanın iştirakı olmadan reallaşdırılmış danışıqlar nəticəsində əldə olunduğunu xatırlasaq, Moskva mövqelərini bərpa etmək üçün “3+3” formatını yenidən gündəmə gətirir, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı xatırladaraq, onun şərtlər kompleksinin yerinə yetirilməsinin vacibliyindən bəhs edir.
Görünən budur ki, Rusiya bölgəmizdəki regional siyasətinə əlavələr etmək, onu qismən dəyişmək niyyətindədir.
Əsas hədəf Qərbin regionda güclənməsinə imkan verməmək, NATO-nun Ermənistan vasitəsilə bölgədəki proseslərə ciddi təsir rıçaqlarına yiyələnmək planlarının qarşısını almaqdır.
Eyni zamanda, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində “zəruri informasiya hazırlığı” görərək, İrəvana sərt xəbərdarlıqlar edir.
Məqsəd N.Paşinyanı Moskvadakı görüşdə və danışıqlarda konkret qərarın qəbuluna vadar etməkdir.
Qərbin maraqları isə fərqlidir.
Fransanın məqsədi Azərbaycan-Türkiyə tandeminin güclənməsinə imkan verməmək, ABŞ-ın niyyəti Azərbaycanla Ermənistan arasındakı nəqliyyat-loqistika əlaqələrinin mümkün qədər gec işə salınması, Avropa İttifaqının istəyi isə Rusiya ilə regional qarşıdurmanı gücləndirərək bölgədəki nəqliyyat marşrutlarına nəzarət mexanizmlərinin ələ keçirilməsidir.