Fransanın siyasi elitaları, hakimiyyət eşelonları, mediası və isteblişmenti aylardır ki, Azərbaycanı müzakirə edir, Bakıya “daha effekti və təsirli təzyiq” yolları arayırlar.
Prezident Emmanuel Makronun birbaşa göstərişi ilə ölkəmizə qarşı bilavasitə hərbi müdaxilə istisna olmaqla bütün müstəvilərdə ifrat aqressiv siyasət yürüdülür və Paris bu davranışını beynəlxalq təşkilatlara da inikas etdirir.
5 il əvvəl, 2019-cu ilin oktyabrın 25-də Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil dəstəyi ilə Hərəkata sədrliyi qəbul etmişdi. Bəşəri dəyərlərin təbliğinə xidmət edən, özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı rəsmi Bakının xarici siyasətində önəmli yer tutan strukturlardan birinə çevrildi.
Təsadüfi deyil ki, Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdu. Həmin konfrans iştirakçıları qeyd etmişdilər ki, “Xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.
Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.
Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.
XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.
Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib. Bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edirlər.
26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdı.
Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Təkcə Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılıb. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər ikisinin mina terroru ilə məşğul olmaq təcrübəsidir.
Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür.
Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam edir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır.
Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90%-i Fransa dövlətinin mülkiyyətindədir.
Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.
Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki danılmaz suverenliyini daima təsdiqləyir.
Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır.
Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa, eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışır.
Fransa qoşunlarının Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Bütün bunlarla yanaşı, Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik.
Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin (siyasi və dekolonizasiya məsələləri) fəaliyyəti daha da canlandırılmalıdır.
Xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasəti, Fransa Polineziyası və Yeni Kaledoniyadakı situasiya ikili standartları fəaliyyət mexanizminə çevirmiş beynəlxalq təşkilatların diqqətindən yayınmamalıdır.
Fransa mediasında Azərbaycanın sözün əsl mənasında, hədəfə alınmasına gəldikdə isə, absurd o həddə çatıb ki, Parisin nəzərində Azərbaycana qarşı hücumlar Ermənistana hamilik və erməniləri dəstəkləmək prosedurlarından da “aktual” olub.
Emmanuel Makronun qeyri-adekvat daxili siyasəti, isterik xarici siyasəti və Parisdəki siyasi elitaların strategiya əvəzinə taktikaya üstünlük vermələri nəticəsində Fransanın diplomatik müstəvidə məğlubiyyətləri bitmək bilmir.
Fransanın siyasəti göz qarşısında deqradasiya edir və Parisin tənəzzülünün səbəbləri arasında Emmanuel Makronun düşünülməmiş, qərəzli siyasəti, habelə neokolonialist ambisiyalrı əlahiddə yer tutur.
Elçin ALIOĞLU (Trend)